
Qastrit olmamaq üçün
Mədənin iltihabı qastrit adlanır. Xəstəliyin yaranmasında Helikobakteri Pilori bakteriyasının rolu böyükdür. Əksərən yetkin şəxslərdə görülən bu xəstəlik çox insanın ortaq xəstəliyi halına gəlmişdir. Qastrit ilk olaraq mədədə şişlik, qarnın ətrafında ağrı, bulantı, qusma ilə başlayıb davamında gərginlik ilə özünü biruzə verir. Mədəyə soyuq olduqda, qidalanma gigiyenası pozulduqda qastrit baş verir. Vaxtında düzgün müalicə aparılmazsa, xronikİ qastritə keçir. Bu da müalicə olunmazsa, mədə xorasına və bağırsaqların iltihabı xəstəliyinə keçə bilər.
Mədə-bağırsaq xəstəliklərinin müalicəsində ilk növbədə pəhrizin saxlanılması vacib şərtlərdəndir. Belə ki, bu xəstəliklər zamanı tez və yüngül həzm olunan qidalar qəbul olunmalıdır. Qızardılmış, yağlı, yüksək kalorili, həzmi çətin olan, qıcıqlandırıcı qidalardan çəkinmək lazımdır. Siqaret, spirtli içkilər qəti qadağan edilir. Xəstəliklər zamanı çalışmaq lazımdır ki, dərmanlar ağızdan yox, inyeksiya ilə qəbul edilsin.
Qastriti qan analizi, nəfəs analizi, nəcis analizi və mədə-bağırsaq sisteminin yuxarı şöbələrinin endoskopiyası kimi bir sıra analizlər vasitəsilə müəyyən etmək olar.
Qastritin müalicəsi mədə turşuluğunun azalmasına, simptomların yüngülləşməsinə və mədənin selikli qişasının sağalmasına yönəlmiş antasid və digər dərman vasitələrinin təyinatı ilə həyata keçirilir.