
Mioma fonunda hamiləlik
Şübhəsiz ki, hamiləlik və mioma eyni anda olduqda bir birinə təsirsiz ötüşmür. Bu zaman mioma düyünlərinin geri çəkilməsi yaxud inkişaf halları da mümkündür. Lakin çox zaman hamiləlik zamanı miomaların ölçüləri böyüyür. Hamiləlik zamanı miomanın böyüməsinə səbəb mioma toxumasında meydana çıxan ödem, qan təchizatındakı artım və miomanın degenerasiya olunaraq daxilinə qanamasıdır. Hamiləlikdə degenerasiya adətən ikinci və üçüncü trimestrlərdə olur. Yataq rejimi və ağrıkəsicilərin istifadəsi ilə müalicə aparılır. Cərrahi müalicə məsləhət görülmür, çünki hamiləlik zamanı bu əməliyyat qanaxma ilə ağırlaşa bilər.
Mioma fonunda hamiləlik zamanı baş verən ağırlaşmalar:
- hamiləliyin pozulması
- erkən və gec düşüklər
- plasentar çatmamazlıq
- dölün bətndaxili hipoksiyası
- dölün inkişafının dayanması
- dölün qeyri-düzgün vəziyyətləri
- dölyanı mayenin az olması yaxud vaxtından qabaq axması
Diaqnostika zamanı qarın dairəsi ölçülür, USM müayinəsi aparılır, qanın laxtalanma səviyyəsi çox vaxt artığı üçün oda mütləq müəyyən olunur. Mioması olan hamilələrdə dölə aid problemlər yoxdursa, fizioloji doğuşa üstünlük verilə bilər.
Miomektomiya əməliyyatı keçirmiş qadınlarda hamiləlik qeysəriyyə kəsiyi əməliyyatı ilə başa çatdırılmalıdır. Müasir dövrdə tibbi sahədə olan yeniliklər miomadan sonra belə normal hamilə qalmaq imkanı verir. (məsələn : miomektomiya və embolizasiya )